ZƏNGİLAN, 2 avqust. TELEQRAF

“Qarabağın dirçəlişini xaricdə yaşayan azərbaycanlılarla birlikdə görmək mənim üçün çox xoşdur”.

Bu sözləri Teleqraf-a açıqlamasında VII Yay Düşərgəsinin iştirakçısı Əsma Mansurzadə deyib.

O bildirib ki, hazırda hökumətlərarası proqram çərçivəsində Rumıniyada təhsil alır:

“Bu il hazırlıq ilini bitirmişəm. Həmçinin UNICEF-in iqlim elçisiyəm və bu missiya çərçivəsində Azərbaycanı müxtəlif beynəlxalq platformalarda təmsil etmişəm. Bu ildən kompüter elmləri ixtisası üzrə təhsil alacağam. Rumıniyanın Suçava şəhərində oxuyuram və gələcəkdə bu sahədə biliklərimi daha da inkişaf etdirməyi planlaşdırıram.

Düşərgədə ilk dəfədir iştirak edirəm. Burada dünyanın müxtəlif ölkələrindən gələn soydaşlarımızla tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni dostlar qazanmaq mənim üçün çox dəyərlidir. Xüsusilə düşərgənin Zəngilan və Laçında keçirilməsi mənim üçün böyük məna daşıyır.
Qarabağın dirçəlişini xaricdə yaşayan azərbaycanlılarla birlikdə görmək mənim üçün qürurvericidir. Bu cür layihələrin diaspor gənclərinin Vətənlə bağlarının daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini düşünürəm. Burada olmaqdan çox həyəcanlı və xoşbəxtəm”, - o vurğulayıb.