BAKI, 2 avqust. TELEQRAF
"Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə ilə vidalaşırıq".
Teleqraf xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində deyib.
"Nəriman Həsənzadə bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərimizi yorulmadan tərənnüm edib. Onun poeziyasında humanizm, vətənpərvərlik və insana sevgi əsas yer tutur. Şair ilk yaradıcılıq illərindən etibarən oxucuların rəğbətini qazanıb.
Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, ölkəmizin mədəni və elmi həyatında da mühüm rol oynayıb. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Mədəniyyət Nazirliyi adından ailəsinə başsağlığı veririk", - o qeyd edib.