BAKI, 31 iyul. TELEQRAF

Coğrafi ərazisinin genişliyi, əhalisinin sayı və etnik müxtəlifliyi səbəbindən genişmiqyaslı hərbi əməliyyat nəticəsində İranda hakimiyyət dəyişikliyinə nail olmaq çətindir.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” saytının analitik məqaləsində bildirilib.

Nəşrin yazdığına görə, daha effektiv strategiya hökumətin tədricən nəzarəti itirdiyi bir sıra bölgələrə nəzarətin ələ keçirilməsi və formalaşdırılması, həmçinin Qərbin siyasi-iqtisadi və təhlükəsizlik dəstəyi ilə alternativ yerli idarəetmə strukturlarının yaradılması ola bilər:

“İsrailin HƏMAS, “Hizbullah” və İrana qarşı hərbi əməliyyatlarının təcrübəsi göstərdi ki, liderlərin və hərbi infrastrukturun hədəfə alınması davamlı dəyişiklik yaratmır. Yüksək rütbəli komandirlərin zərərsizləşdirilməsi və hərbi zərbələrin endirilməsi bölgələrin idarə olunması üçün alternativ strukturlar yaradılmadıqda, bu, rejim və qrupların yenidən təşkil olunmasına və fəaliyyətlərini davam etdirməsinə imkan verir.

Məsələn, HƏMAS-a ağır zərbələr endirilməsinə baxmayaraq, alternativ idarəetmə mexanizminin olmaması bu qruplaşmaya qüvvələrinin böyük hissəsini bərpa etməyə və İsrail ordusunun birbaşa nəzarət etmədiyi ərazilərdə təsirini qorumağa imkan verib”.

“Ynet” Livanı isə fərqli nümunə kimi təqdim edərək yazıb ki, ABŞ və İsrailin dəstəyi ilə Livan hökuməti və ordusunun rolunun gücləndirilməsi uzunmüddətli perspektivdə “Hizbullah”ın təsirini azalda bilər.

Nəşr yekunda belə nəticəyə gəlib ki, İran İslam Respublikası kimi rejimlər itirdikləri liderləri əvəz edə bilirlər. Amma ərazi və əhali üzərində nəzarətin tədricən itirilməsi onların öz güclərini yenidən bərpa etmək imkanlarını əhəmiyyətli dərəcədə azaldır.