BAKI, 31 iyul. TELEQRAF
ABŞ və İsrail İrana qarşı quru blokadasının tətbiqi planını nəzərdən keçirir. Plana əsasən, qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində İranla sərhəd-keçid məntəqələrinin bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, plan ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun İrana iqtisadi təzyiqləri artırmaq üçün müzakirə etdiyi bir neçə variantdan biridir.
Qeyd edilib ki, belə bir planın həyata keçirilməsi ABŞ və İsrailin İranın qonşuları və regional tərəfdaşlarına sərhəd keçidlərində məhdudiyyətləri sərtləşdirmək və ya onları bağlamaq üçün təzyiq göstərməsini tələb edə bilər. Məqsəd İranın idxal-ixrac axınını məhdudlaşdırmaqdır.
İsrail rəsmisi “The Telegraph”a deyib: “Quru sərhədlərini bağlasanız, nə baş verərdi? Təsəvvür edin, İran nə ölkəyə nəsə gətirə, nə də ölkədən çıxara bilərdi. Belə olan halda hər şey dəyişəcək”.
Rəsmi əlavə edib ki, bu ssenari ABŞ və İsrail arasında müzakirə olunan variantlardan biridir.
Məlumata əsasən, plan İranla Türkmənistan arasındakı “İncəburun” və “Sərəxs” kimi mühüm sərhəd-keçid məntəqələrini də əhatə edə bilər. “The Telegraph” qeyd edib ki, İranın yeddi qonşusundan hansısa biri plana qoşulsa, iqtisadi nəticələrlə və İranın cavab xarakterli hücumları riski ilə üzləşə bilər.
Qeyd edək ki, İran Azərbaycan, Türkiyə, Pakistan, Türkmənistan, Əfqanıstan, İraq və Ermənistanla quru sərhədlərinə malikdir.