BAKI, 2 avqust. TELEQRAF

Bakıda keçirilən güləş üzrə 17 yaşadək idmançılar arasında dünya çempionatı bu gün başa çatacaq.

Teleqraf xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda xalçaya çıxacaq.

Yığma üzvü Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək final görüşündə İran təmsilçisi Benyamin Mayvanla qarşılaşacaq. Həlledici qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycan millisi indiyədək yunan-Roma güləşində 6 medal qazanıb. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala yiyələniblər. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, iyulun 28-də start götürən və Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.