BAKI, 2 avqust. TELEQRAF

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı İrana qarşı planlaşdırılan zərbələrin miqyasının genişləndirilməsi ilə bağlı narahatlığını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı və "Associated Press" (AP) agentliyi məlumat yayıb.

"Axios" portalı amerikalı rəsmiyə istinadən bildirib ki, vəliəhd şahzadə Məhəmməd bin Səlman söhbət zamanı narahatlığını bildirərək fəaliyyət planı ilə bağlı aydınlıq tələb edib. Məsələdən xəbərdar olan başqa bir mənbə isə onun Trampı gərginliyi azaltmağa və zərbələrdən çəkinməyə çağırdığını qeyd edib.

"Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı tərəfi ABŞ-nin İranın energetika infrastrukturunu, körpülərini və ya elektrik stansiyalarını hədəf alacağı təqdirdə, Tehranın cavab olaraq krallığın və Körfəzin digər ölkələrinin enerjiverilişi sistemlərinə hücum edə biləcəyindən narahatdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Yaxın Şərq ölkələrinin təkidindən sonra İrana hücum etməmək qərarına gəldiyini bildirmişdi.