BAKI, 31 iyul. TELEQRAF
ABŞ və onun təşəbbüsü ilə yaradılmış Sülh Şurasının nümayəndələri hesab edirlər ki, Fələstinin HƏMAS Hərəkatının nəzarətində olan polis birləşmələri yaxın iki həftə ərzində silahlarını Qəzza zolağının müvəqqəti hakimiyyət orqanlarına təhvil verməyə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrə istinadla məlumat yayıb.
ABŞ rəhbərliyi Qəzzada sülh planına dair sazişin ikinci mərhələsinin yaxın vaxtlarda həyata keçirilməsi perspektivlərinə nikbin yanaşır. Bununla belə, hələlik söhbət yalnız HƏMAS-ın nəzarətində olan polis birləşmələrindən gedir. HƏMAS-ın əsas bölmələrinin, o cümlədən ağır silahların təhvil verilməsi ilə bağlı tərksilah prosesinin vaxtı isə hələ də qeyri-müəyyəndir. ABŞ hakimiyyəti və Sülh Şurasının bəzi nümayəndələrinin qiymətləndirməsinə görə, bu proses 200 gündən 350 günədək davam edə bilər.
“Axios”un mənbələrinə görə isə Vaşinqtonda HƏMAS-ın tərksilahına yaxın bir neçə həftə ərzində başlanılacağına inanırlar. Qeyd edilib ki, əldə olunmuş razılaşmalara əsasən, HƏMAS və İsrail təxminən 7-8 ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra addımlar atmalı və bu addımlar müstəqil tərəf tərəfindən təsdiqlənməlidir. Portalın məlumatına görə, HƏMAS birləşmələrinin istifadə etdiyi tunellərin və silah istehsalı üçün istifadə olunan obyektlərin məhv ediləcəyi nəzərdə tutulur.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, Sülh Şurası HƏMAS və Qəzzadakı digər silahlı qruplaşmaların tam tərksilahı barədə razılaşma əldə edib. ABŞ Prezidenti həmçinin bildirmişdi ki, bundan sonra İsrail bölmələri Qəzza zolağından çıxarılacaq.
İsrail isə HƏMAS-ın tərksilahına şübhə ilə yanaşır.