BAKI, 30 dekabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda keçirilən son etiraz aksiyalarına dair ilk rəsmi mövqeyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsində paylaşımında bildirib.

O, İranın daxili işlər naziri Əhməd Vahidiyə etirazçılarla danışıqlar aparmağı və onların qanuni tələblərini dinləməyi tapşırdığını qeyd edib. Pezeşkianın sözlərinə görə, məqsəd hökumətin mövcud vəziyyətə məsuliyyətli şəkildə reaksiya verməsinə yardım etməkdir.

Prezident vurğulayıb ki, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması onun gündəlik əsas narahatlığı olaraq qalır, bank və pul-kredit sistemində islahatlar isə hökumətin gündəliyindədir.

Qeyd edək ki, etirazlar ABŞ dollarının bahalaşması və riyalın kəskin ucuzlaşması ilə bağlı narazılıqdan başlayıb və qısa müddətdə geniş vüsət alıb. Dekabrın 29-da tətil və etiraz aksiyaları ölkə üzrə yayılıb, etirazçılar hakim sistem əleyhinə şüarlar səsləndiriblər. Bazar ticarətçiləri isə ticarət obyektlərini bağlı saxlamağa davam edəcəklərini bildiriblər.

Etirazlar zamanı İran Mərkəzi Bankının sədri istefa verib. Prezident Məsud Pezeşkian etirazları və bazarlardakı gərginliyi sakitləşdirmək məqsədilə bu vəzifəyə sabiq rəhbər Əbdülnasir Hemmatini təyin edib.