BAKI, 23 noyabr. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəçilər Şurasında qəbul edilən anti-İran qətnaməsi problemin həllinə deyil, onu daha da mürəkkəbləşdirməyə xidmət edir.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, qətnamədə heç bir xoş niyyət yoxdur və sənəd həm BMT Təhlükəsizlik Şurasının qərarlarına, həm də AEBA-nın əvvəlki fəaliyyət prinsiplərinə ziddir. Bəqayi vurğulayıb ki, sənəddə İranın mülki nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən edilən hücumlara dair heç bir qeyd yer almır.
Nazirlik bildirib ki, qətnamənin nəticələri arasında İranın Agentliklə əməkdaşlığının zəifləməsi və ya dayandırılması riski də mövcuddur.
Qeyd edək ki, sentyabrın 9-da İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Misirdə tərəflər arasında əməkdaşlığın bərpasına dair saziş imzalayıb. Bu əməkdaşlıq iyun ayında İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra dayandırılmışdı. Təşkilatın həmin hücumları pisləməməsi İranda narazılığa səbəb olmuşdu. Sənədin imzalanmasından sonra İranın xarici işlər naziri bəyan edib ki, ölkəyə qarşı yenidən hər hansı düşmənçilik addımları atılacağı təqdirdə, AEBA ilə bütün təmaslar yenidən dayandırılacaq.
20 noyabrda isə AEBA-nın daha bir anti-İran qətnaməsi qəbul etməsinə cavab olaraq Tehran quruma Qahirədə imzalanmış əməkdaşlıq sazişinin qüvvədən düşməsi barədə rəsmi bildiriş göndərib.