BAKI, 8 sentyabr. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası Nyu-Yorkdakı mənzil-qərargahda öz işinə başlayır.

Teleqraf xəbər verir ki, sessiya 2027-ci il sentyabrın 7-dək davam edəcək. İlk ayın əsas siyasi hadisəsi dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli ümumi siyasi debatlar olacaq. Debatlar sentyabrın 22-26-da və 28-də keçiriləcək.

81-ci sessiya davam edən beynəlxalq münaqişələr, BMT-nin maliyyə çətinlikləri və təşkilatda aparılan islahatlar fonunda baş tutur. Sessiyanın mühüm məsələlərindən biri BMT-nin yeni Baş katibinin seçilməsi olacaq. 2017-ci ildən təşkilata rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

Yeni sessiyanın ilk plenar iclasında Baş Assambleyaya sədrliyi Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdan Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman təhvil alacaq. Rəhmanın sədrliyinin şüarı “Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hamı üçün işləyən BMT” olacaq.

Sentyabrda Baş Assambleya çərçivəsində iqlim dəyişikliyi, ədalətli enerji keçidi, pandemiyaların qarşısının alınması, dəniz səviyyəsinin yüksəlməsi və nüvə silahlarının tam ləğvi kimi məsələlərə həsr olunmuş yüksək səviyyəli görüşlər də keçiriləcək.

Sessiya dövründə BMT-də “UN80” təşəbbüsü çərçivəsində islahatların davam etdirilməsi də əsas mövzulardan biri olacaq. İslahatlar bürokratik prosedurların azaldılmasını, mandatların yenidən nəzərdən keçirilməsini və təşkilatın ayrı-ayrı strukturlarında dəyişiklikləri nəzərdə tutur.