BAKI, 8 sentyabr. TELEQRAF
Britaniyalı milyarder, "Rokos Capital Management" (RCM) şirkətinin meneceri Kris Rokos hökumətin potensial vergi artımları fonunda vergi rezidentliyini Yunanıstana köçürmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Keçən il Rokos Böyük Britaniyada 330 milyon funt sterlinq (446 milyon dollar) vergi ödəyib. Onun xalis sərvəti 2,6 milyard funt sterlinq (3,52 milyard dollar) qiymətləndirilir.
Son illərdə bir sıra Avropa və Yaxın Şərq ölkələrində vergi yurisdiksiyaları varlı sakinləri cəlb etmək üçün xüsusi vergi güzəştləri tətbiq edib. Məsələn, Yunanıstan əhəmiyyətli xarici gəliri olan yeni vergi rezidentlərinə ən azı 500.000 avroluq ölkəyə investisiya qoyulması şərti ilə 15 ilə qədər ildə 100.000 avro məbləğində sabit vergi təklif edir.
Varlı əcnəbilər üçün əsas istiqamətlər İtaliya, BƏƏ və İsveçrədir.
RCM, makroiqtisadi investisiyalarda ixtisaslaşmış dünyanın ən böyük və ən tanınmış hedcinq fondlarından biridir. Təxminən 22 milyard dollarlıq aktivləri idarə edən şirkət, London, Nyu-York, Abu-Dabi və Sinqapurda 370-dən çox işçi çalışır.
Son illərdə Böyük Britaniyanı tərk edən digər yüksək vəzifəli varlı insanlar arasında Misirin ən varlı adamı və İngiltərə futbol klubu Aston Villa-nın həmtəsisçisi Nassef Saviris, polad maqnatı Lakşmi Mittal və Goldman Sachsən sədr müavini Riçard Qnodd da var.