BAKI, 7 sentyabr. TELEQRAF

Ermənistanda iş adamı Narek Nalbandyan polis tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "İşxanutyun" xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə biznesmen Narek Nalbandyanın onun ailəsi ilə əlaqələrinin olması barədə yayılan məlumatlara sərt reaksiya vermişdi.

Paşinyan sentyabrın 3-də hökumət brifinqində ailəsinin iri biznesdə gizli maraqlarının olması barədə iddiaları qəti şəkildə rədd edib.

Paşinyan ailəsinin Ermənistanda və ya ölkə xaricində heç bir biznesdə gizli payının olmadığını bildirib.

Baş nazir xüsusilə iş adamlarının onun və ailəsinin adından istifadə etməsi ehtimalına sərt xəbərdarlıq edib.

“Mənim sevimli oliqarxlarım yoxdur. Əgər hər hansı biznesmenin, o cümlədən Narek Nalbandyanın ailəmizlə əlaqəsi olduğu görüntüsünü yaratmağa çalışdığına dair sübut əldə etsək, sizi əmin edirəm ki, reaksiyamız çox sərt və asimmetrik olacaq”, – Paşinyan deyib.

O, Nalbandyanla bağlı səslənən iddiaların araşdırılması üçün artıq hüquq-mühafizə orqanlarına müvafiq göstəriş verdiyini bildirib.

Paşinyan bununla yanaşı, ailəsinin adından istifadə edərək biznesdə üstünlük qazanmağa çalışan şəxslərə güzəşt edilməyəcəyini vurğulayıb.

Nikol Paşinyan Nalbandyanın onun və ailəsinin əsəblərinə toxunduğunu və onunla çox qəddar rəftar edəcəklərini bildirmişdi.