BAKI, 7 sentyabr. TELEQRAF
Polşa ordusu yaxın günlərdə min kilometr mənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Respublika müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Tomçik X sosial media saytında yazıb: "Yaxın günlərdə Polşa Silahlı Qüvvələri pilotsuz silah sistemlərindən istifadə edərək uzun məsafələrə dəqiq zərbələr endirmək qabiliyyəti olan silahları sınaqdan keçirməyə başlayacaq. Biz Polşanın sənaye inkişaflarını, o cümlədən təxminən 1000 kilometr məsafədə fəaliyyət göstərmək qabiliyyətini sınaqdan keçirəcəyik".
"Defence24" portalının məlumatına görə , bu, artıq seriyalı istehsalına başlayan Polşanın Fly Focus Striker sistemi ola bilər. Sınaqlar zamanı dronların döyüş başlığı daşımayacağı vurğulanır.