BAKI, 8 sentyabr. TELEQRAF

Almaniyada enerji infrastrukturu obyektlərinə qarşı bir sıra təxribat cəhdlərindən sonra elektrik ötürücü xətlərinin yaxınlığında yeni buraxılış qurğuları aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qurğular sentyabrın 7-də ölkənin qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal torpağında tapılıb. Günün ikinci yarısında Axen yaxınlığındakı Vaysvayler elektrik stansiyası ərazisində şübhəli şəxsin görünməsi barədə polisə məlumat daxil olub.

Ərazi mühasirəyə alınıb. Axtarış tədbirləri ilə əlaqədar A4 avtomagistralının Eşvayler-Ost və Langervee qovşaqları arasındakı hissəsi hər iki istiqamətdə bağlanıb.

Polis bir neçə federal torpaqda baş verən təxribat cəhdləri ilə əlaqədar 48 yaşlı kişini axtarır. Onun kustar üsulla hazırlanmış raketlər vasitəsilə elektrik xətlərinin üzərindən nazik məftil keçirməyə və bununla qısaqapanma yaratmağa çalışdığı ehtimal olunur.

Ötən həftə Brandenburq, Şimali Reyn-Vestfaliya və Saksoniyada elektrik yarımstansiyalarına qarşı azı üç ehtimal olunan təxribat cəhdi qeydə alınıb. Hüquq-mühafizə orqanları hadisələri törətdiyini etiraf edən şəxsdən məktub da alıblar. Məktubun müəllifinin Şimali Reyn-Vestfaliyanın Gevelsberq şəhərindən Daniel F. olduğu müəyyənləşdirilib və onun barəsində axtarış elan edilib.

İlkin mənbə: DPA