BAKI, 13 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri ölkənin qərbində İranın hava hücumundan müdafiə sisteminə genişmiqyaslı zərbə endirib.

Teleqraf xəbər verir ki, hava əməliyyatlarının bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri onlarla radar və raket buraxılış qurğusunun məhv edildiyini bildirib.

Məlumatda deyilir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün İranın hava məkanında sərbəstliyini yaxşılaşdırıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.