BAKI, 14 aprel. TELEQRAF

"ABŞ Prezidenti Donald Trampın İran və Amerika arasında Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara yanaşması təhlükəli nəticələrə səbəb ola bilər. Tramp artıq danışıqları yaxşı adlandırmaqla çox böyük səhvə yol verib. Bu, İranın mövqeyini gücləndirə bilər".

Teleqraf xəbər verir ki, bu sözləri İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) iranlı baş tədqiqatçısı Benni Sabti “Yerusəlim Post”a deyib.

“İran sanksiyaların aradan qaldırılmasına çalışsa da, reallıq daha mürəkkəbdir. ABŞ hələ sanksiyaların yumşaldılmasından belə danışmır. Əslində daha çox sanksiya tətbiq edir, bu da iranlıları hiddətləndirir və onların danışıqlara dair şübhələrini artırır”, - ekspert bildirib.

Sabtinin sözlərinə görə, təhlükə gələcəkdə sanksiyaların potensial ləğvindədir:

“Sanksiyalar qaldırılsa, İran bir çox ölkə ilə ticarət apara bilər. Hətta qismən yüngülləşdirmə böyük idxal-ixrac dalğalarına və xarici valyuta məzənnələrinin aşağı düşməsinə qapı aça bilər. Bu, İran iqtisadiyyatının xeyrinə çox ani və kritik bir dəyişikliklə nəticələnə bilər, bu da rejimi gücləndirəcək”.

Analitik qeyd edib ki, ən narahatedici cəhətlərindən biri də gedən müzakirələrin İranın nüvə proqramının tam ləğvini ehtiva etməməsidir: “Tramp ən azı indiki mərhələdə 2014-2015-ci illərdə əldə edilən eyni razılaşmaya doğru gedir. Bu, böyük itkidir və bir az axmaqlıqdır”.

Donald Trampın nikbin şərhlərini tənqid edən Benni Sabti vurğulayıb:

“ABŞ prezidenti artıq danışıqları yaxşı adlandırmaqla çox böyük səhvə yol verib. Bu, heç də doğru deyil. Siz iki saatlıq danışıqlar zamanı nə baş verdiyini heç cür bilə bilməzsiniz. Hər həftə iki saatlıq danışıqlara necə nəticə əldə etmək olar? Tramp xəbərdarlıq edir ki, uğursuz müzakirələrin nəticəsi fəlakətli ola bilər. İranlılar amerikalılara güzəştə getmədən nüvə planlarını sürətləndirə biləcəklərini hiss edəcəklər. Bu, heç də yaxşı deyil. Amerikalılar bu sadəlövhlüyün əvəzini ödəyəcəklər, biz də ödəyəcəyik.

Daha geniş baxsaq, hazırkı danışıqların nəticələri ABŞ-İran münasibətlərindən kənara çıxaraq bütün Yaxın Şərqi əhatə edir . İran rejiminin gücləndirilməsi bölgə üçün, bizim üçün, Səudiyyə Ərəbistanı üçün təhlükəyə çevrilə bilər. Üstəgəl, bunun müqabilində hələ heç nə almamışıq”.

Xatırladaq ki, Tehranın nüvə proqramına dair ABŞ-İran danışıqlarının ilk raundu aprelin 12-də Omanda keçirilib.