
BAKI, 14 aprel. TELEQRAF
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında gözlənilən görüş Ankarada baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Ərdoğan-Tramp görüşü üçün eyni vaxtda iki tərəfdə hazırlıqlar davam edir. May ayında Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri gözlənilir. Türkiyə bu səfərin son dayanacağı ola bilər.
Başqa bir ehtimal Prezident Ərdoğanla Ağ Evdə görüşəcəyi ilə bağlıdır. Bunun aprel və ya mayın sonu olacağı deyilmişdi. İndi də diqqət iyun ayına yönəlib. Ərdoğan-Tramp görüşü üçün Ankara və Vaşinqton variantları üzərində iş aparılır”, - Türkiyə nəşri qeyd edib.
Qəzet xatırladır ki, Tramp martda Ərdoğanla telefon danışığında ABŞ-nin regional siyasətində Türkiyə ilə işləyəcəyini söyləmişdi.
“Tramp gözlənilməz liderdir, amma onun Ərdoğana olan xüsusi marağı Türkiyə üçün əhəmiyyətli qazancların qapısını aça bilər”, - nəşr əlavə edir.