
BAKI, 13 aprel. TELEQRAF
"İsraillə imzalanacaq yeni saziş yalnız Qəzza Sektorunda saxlanılan fələstinli girovların mübadiləsi ilə kifayətlənməməli, həm də döyüşlərin tamamilə dayandırılmasını təmin etməlidir".
Teleqraf "Əl Cəzirə"yə istinadən xəbər verir ki, bunu HƏMAS-ın siyasi bürosunun üzvü Bassem Nayem deyib.
O, qeyd edib ki, HƏMAS yeni təkliflərə çox məsuliyyətlə yanaşır:
"Sazişdə müharibənin dayandırılması və düşmən qüvvələrinin Qəzzadan çıxması qeyd olunmalıdır. Biz tələyə düşməyəcəyik və danışıqların yalnız girov mübadiləsi ilə yekunlaşmasına razılaşamaycağıq, çünki bu halda Qəzzadakı gərginlik davam edəcək."
Qeyd edək ki, Hazırda HƏMAS nümayəndə heyəti Qahirədə müharibənin dayandırılması və Qəzzada sərhəd-keçid məntəqələrinin açılması məsələlərini müzakirə edir. Əsas məqsəd Qəzzaya humanitar yardımın göndərilməsini yenidən bərpa etməkdir.
Misir höküməti isə danışlarlarla bağlı yeni təklif irəli sürüb. Təklifə əsasən, HƏMAS 8 və ya 9 girov, o cümlədən İsrail və ABŞ vətəndaşı İden Aleksandrı azad etməli, habelə Qəzzada həlak olmuş 8 girovun cəsədini qarşı tərəfə verməlidir. İsrail isə fələstinli məhbusları, o cümlədən ömürlük cəza almış 150 nəfər məhbusu azad etməlidir. Bu müddət ərzində Qəzzaya humanitar yardımların çatdırılması bərpa olunacaq və atəşkəs müddəti 50 gündən 70 günə qədər uzadılacaq.