BAKI, 14 aprel. TELEQRAF

SANA Agentliyi aprelin 11-də Antalyada (Türkiyə) Azərbaycan və Suriya prezidentləri İlham Əliyev və Əhməd Şaraa arasında keçirilən görüşdən yazıb.

Teleqraf xəbər verir ki, Suriyanın dövlət agentliyi bu ölkədə hakimiyyət dəyişikliyindən sonra Dəməşq və Bakı arasında yeni səhifənin açıldığını bildirib.

SANA-ya danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Lalə Xəlilzadənin sözlərinə görə, Suriya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər Bəşər Əsəd rejimin süqutundan sonra yeni mərhələyə qədəm qoyub, xüsusilə diplomatik əlaqələrin bərpası və Azərbaycanın Dəməşqdə 12 il bağlı qalan səfirliyinin yenidən açılmasından sonra əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açıb.

Xəlilzadə deyib ki, hazırkı prosesi nəzərə alaraq, Suriya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi və daha səmərəli səviyyəyə yüksəldilməsi üçün perspektivlər yaranıb:

“Azərbaycanın Dəməşqdəki səfirliyinin fəaliyyətinin bərpası siyasi-diplomatik əməkdaşlıqda yeni üfüqləri kəşf etmək üçün qarşılıqlı öhdəliyi əks etdirir”.

SANA xatırladıb ki, Azərbaycan Suriyaya humanitar yardım edib.