BAKI, 14 aprel. TELEQRAF

Xalqların Birliyi və Demokratiya Partiyası (DEM) aprelin 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşlə bağlı açıqlama yayıb.

Teleqraf xəbər verir ki, bu barədə DEM-in parlament fraksiyası rəhbərinin müavini, millət vəkili Gülüstan Kılıç Koçyiğit danışıb.

“Görüşdə prosesin problemli tərəfləri müzakirə olunub. Prosesə dinamika verəcək addım əslində İmralı təcridinin (Öcalanın sərbəst buraxılması – red.) aradan qaldırılması və Öcalanın hədəflədiyi iş üçün lazımi şəraitin təmin edilməsinin zəruriliyidir”, - Koçyiğit vurğulayıb.

Millət vəkili əlavə edib ki, proses türk-kürd ittifaqını gücləndirə bilər, artıq Öcalan buna çağırış edib.

Xatırladaq ki, Türkiyə prezidenti aprelin 10-da həbsxanada (İmralı) PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşən DEM heyətini qəbul etmişdi.

Abdullah Öcalan fevralın 27-də rəhbərlik etdiyi PKK-nı tərksilah olmağa və özünü ləğv etməyə çağırmışdı. Çağırış təşkilat tərəfindən müsbət cavablandırılıb.