
BAKI, 15 aprel. TELEQRAF
"Güclü rəqibə qarşı oynadıq. Xorvatiya millisi qrupda keçirdiyi 6 oyunun hamısında qələbə qazandı və maksimum xalla Avropa çempionatının final mərhələsinə yollandı".
Teleqraf xəbər verir ki, bu sözləri Xorvatiya ilə oyundan sonra Azərbaycan futzal yığmasının baş məşqçisi Vitali Borisov deyib.
Baş məşqçi bildirib: "Komandamız bu gün yaxşı çıxış etdi. Adətən ikinci hissədə çatdırmırdıq və oyundan qopurduq. Bu dəfə güclü rəqibə qarşı yaxşı mübarizə apardılar. Heyətimizdə zədəli futzalçı çoxdur. Əksəriyyəti ağrıkəsici hesabına meydana çıxmışdı. Ancaq bunu hiss etdirmədilər. Rövşən Hüseynli ilə bağlı nə lazımdırsa danışmışıq, məlumat vermişik. Onu bu toplanışdan kənarlaşdırmışıq, amma millinin qapıları növbəti oyunlarda onun üzünə açıqdır. Bu, hamımızın millisidir. Bu gün buraxdığımız qolların heç birində qapıçının səhvi olmadı”.
Qeyd edək ki, futzal üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının əsas mərhələsində son oyununda Bakıda 1:4 hesabı ilə Xorvatiyaya uduzub.