BAKI, 14 aprel. TELEQRAF

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl siyasi tarixi bilmir, siyasət anlayışından xəbərsizdir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“CHP sədri Özgür Özəlin prezidentimizə ünvanladığı çirkin sözlərə cavabımız Avropadakı radikal sağçılara, Türkiyədəki xunta tərəfdarlarına verdiyimiz cavabla eynidir. Özgür Özəl siyasi tarixi bilmir, siyasəti təsvir etmək qabiliyyətinə malik deyil, siyasi anlayışlardan xəbəri yoxdur. Özgür Özəlin siyasi ritorikasının Avropadakı radikal sağçılarla eyni olması dəhşətlidir.

Özgür Özəlin prezidentimizə ünvanladığı bəyanatlar Türkiyə və İslam düşmənçiliyi edən radikal sağçı avropalı siyasətçilərin işlətdiyi sözlərlə eynidir. Özgür Özəlin çatdığı məqam siyasəti yox, anti-siyasəti ifadə edir. Siyasətdə çox çalışmış, siyasi həyatımızda iz qoyan CHP liderləri çox olub. Razılaşmadığımız bir çox fikirləri olsa da, onların müxtəlif siyasi məsələlərə səriştəli yanaşmalarının şahidi olmuşuq. Özgür Özəlin çatdığı nöqtə isə keyfiyyətsiz siyasətdir”, - hakim partiyanın sözçüsü vurğulayıb.