BAKI, 14 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 döyüş təyyarələri satmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Rundschau” qəzeti məlumat yayıb.

“Amerika prezidenti Türkiyəni yenidən F-35 proqramına daxil etmək və Ankaranın artıq pulunu ödədiyi qırıcıları təhvil vermək istəyir. Bu məqsədlə komandasından Türkiyəyə qarşı sanksiyaların həm hüquqi, həm də texniki baxımdan necə ləğv oluna biləcəyi ilə bağlı araşdırma aparmağı əmr edib”, - alman nəşri yazıb.

Trampın fikir dəyişikliyinin Prezident Rəcəb Tayyib Ərdoğanla son telefon danışığından dərhal sonra yarandığını qeyd edən qəzet məsələnin keçmiş Prezident Co Bayden dövründə də gündəmə gətirildiyini, amma konkret bir inkişaf olmadığını vurğulayıb.

Ötən ay Amerika mediası da Donald Trampın Türkiyəyə F-35-lərin satışına müsbət yanaşdığını yazmışdı. “Fox News”un məlumatına görə, Tramp Ərdoğanla telefon danışığından sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 qırıcılarının satışına yenidən başlamağı düşünür.