
BAKI, 15 aprel. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu və Fransanın Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Danışığın əsas mövzusu Fələstin-İsrail münaqişəsi olub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Netanyahu telefon söhbəti zamanı Fələstin dövlətinin yaradılması ideyasına qəti şəkildə qarşı olduğunu Makrona bildirib. O qeyd edib ki, belə bir qərar terrorizmin təşviqi anlamına gələrdi.
Baş nazir həmçinin vurğulayıb ki, bu günə qədər Fələstin rəhbərliyindən heç kim HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində İsraildə törətdiyi qətliamı qınamayıb. Onun sözlərinə görə, muxtariyyət ərazisində uşaqlar İsrailə qarşı nifrət ruhunda tərbiyə olunur və yəhudiləri öldürənlər maddi olaraq mükafatlandırılır.
Fransa prezidenti də Netanyahuya qəzzalı mülki əhalinin iztirablarına son qoyulmalı olduğunu və yalnız Qəzzada atəşkəsin qalan israilli girovları azad edə biləcəyini söyləyib. Fransa lideri bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Qəzzanın dinc əhalisinin yaşadığı iztirablara son qoyulmalıdır”, - Makron bildirib.
Fransa prezidenti mühasirədə olan Fələstin ərazisinə bütün humanitar yardım keçidlərinin açılmasına çağırıb.