
BAKI, 15 aprel. TELEQRAF
2024-cü il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 2.7% (0.2 mln. manat) artaraq 7.9 mln. manat olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, İnvestisiya şirkətlərinin xalis mənfəətində artım müşahidə edilsə də, artan kapital fonunda ROE göstəricisi 2.2 faiz bəndi azalaraq 15.7% təşkil edib.
2024-cü ilin ilk yarımilinin sonuna olan məlumatlara əsasən sektor üzrə məcmu kapital 46 mln. manat, tələb olunan kapital isə 5.2 mln. manat təşkil edib. Bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir.
2024-cü ildə 2023-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 50% (61 mln. manat) artaraq 182 mln. manat, öhdəlikləri isə 71% (53 mln. manat) artaraq 128 mln. manata çatıb. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əksrepo əməliyyatlarının həcminin artımı ilə bağlı olub.
Qeyd edək ki, ROE (return on equity) balans və ya xalis mənfəətinin onun xüsusi kapitalına nisbəti ilə izah olunur. ROE göstəricisi səhmdar tərəfindən yatırılan vəsaitlərin məhsuldarlığını xarakterizə edərək fəaliyyətin effektvliyini göstərir.