
BAKI, 14 aprel. TELEQRAF
İran rəhbəri Əli Xamenei bazar günü yüksək rütbəli hərbçilərlə görüşdə silahlı qüvvələrin döyüş hazırlığını yüksəltməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yazıb.
Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlardan bir gün sonra Əli Xamenei yüksək səviyyəli hərbi komandirlərlə görüşərək, maksimum hazırlığın saxlanması və silah imkanlarının artırılmasının vacibliyini vurğulayıb.
Məsələlərin mediada şişirdildiyini bildirən İran rəhbəri buna qarşı çıxmağın vacibliyini söyləyib:
"Ölkənin tərəqqisi bədxahların qəzəbinə səbəb olub və düşmənlər istədiklərini xəbər və reallıq kimi təqdim edirlər, biz bu təlqinlərə və təbliğata qarşı durmalıyıq",- İran rəhbəri deyib.
Müxtəlif mövzulardan danışan Xamenei Omanda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlara toxunmayıb.