BAKI, 27 fevral. TELEQRAF

PKK terror təşkilatının lideri Abdullah Öcalan müraciətində təşkilatı silahları yerə qoymağa, silahlı mübarizəni dayandırmağa və özünü buraxmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, PKK-nın ləğvinin tarixi zərurət olduğunu qeyd edib.

Öcalan çağırışında bildirir ki, 1990-cı illərdə real-sosializmin daxili səbəblərdən çökməsi və ölkədə kimlik inkarının aradan qaldırılması, eləcə də ifadə azadlığındakı inkişaflar PKK-nın mənasız olmasına və onun kimi qurumların təkrarlanmasına səbəb olub: “Ona görə də PKK-nın varlığına son qoyulması zərurətə çevirib”.

Çağırışın davamında deyilir:

“Cənab Dövlət Baxçalının çağırışının, cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan) nümayiş etdirdiyi iradənin və digər siyasi partiyaların məlum çağırışa müsbət yanaşmalarının yaratdığı bu mühitdə silahı yerə qoymağa çağırıram və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm”.

Öcalan vurğulayır ki, bütün qruplaşmalar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır.

Xatırladaq ki, PKK liderinin bəyanatını bu gün həbsxanada onunla görüşən Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti İstanbulda keçirdiyi brifinqdə oxuyub.