
BAKI, 27 fevral. TELEQRAF
Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti Türkiyənin İmralı adasında həbsxanada PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə DEM məlumat yayıb.
Partiyanın açıqlamasına görə, üçüncü görüş üçün İmralıya gedən nümayəndə heyəti genişlənib. Heyətdə ilk iki iclasda iştirak edən millət vəkilləri Pərvin Buldan və Sırrı Sürəyya Öndərdən başqa, DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, Mardin şəhər bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Ahmet Türk və vəkillər də yer alıb.
Nümayəndə heyətinin saat 17:00-da (Bakı vaxtilə 18:00-da) İstanbulda açıqlama verəcəyi bildirilib.
Məlumata görə, Öcalanın bir səhifəlik bəyanatında rəhbərlik etdiyi terror təşkilatını silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir.