BAKI, 17 fevral. TELEQRAF

HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam" briqadası təşkilatın səhra komandirlərindən biri Məhəmməd Şahinin Livanda öldürüldüyünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın rəsmi teleqram kanalında məlumat paylaşılıb.

“İzzəddin əl-Qəssam" briqadasının komandirlərindən biri Məhəmməd Şahin fevralın 17-də Livanın cənubundakı Səidə şəhərində İsrailin hava hücumu nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.

HƏMAS-ın hərbi qanadı bildirib ki, öldürülən şəxs qruplaşmanın iyerarxiyasında yüksək vəzifələr tutub, lakin başqa təfərrüatlar açıqlamayıb.

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında İsrail Müdafiə Qüvvələri döyüş təyyarələrinin Səidə şəhərinin ərazisinə hava zərbələri endirdiyini açıqlamışdı. İsrail hərbçilərinin bildirdiyinə görə, hava hücumunda öldürülən Məhəmməd Şahin HƏMAS-ın Livandakı əməliyyat şöbəsinin rəhbəri vəzifəsində çalışıb.