
BAKI, 21 fevral. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Alyaskada hasil edilən mayeləşdirilmiş təbii qaz (LNG) ilə Asiyanın enerji bazarında yeni nizam yaratmağı hədəfləyir.
Teleqraf xəbər verir ki, artıq Tramp Yaponiyanın Baş naziri Şigeru İşiba ilə baş tutan görüşdə 44 milyard dollarlıq LNG layihəsindən bəhs edib.
Yaponiya dünyanın ən böyük LNG idxalçılarından biri kimi, bu layihədə mühüm rol oynaya bilər. Layihəyə Vaşinqtonla yaxın əlaqələri olan Cənubi Koreya və Tayvanın da bu əməkdaşlığa qoşulacağı bildirilir.
Yaponiya mətbuatında yer alan məlumatlara görə, gələn ay İqtisadiyyat, Ticarət və Sənaye naziri Yoji Muton Vaşinqtona səfər edərək LNG layihəsini və əlavə gömrük vergilərindən azad olunma məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Tramp prezidentliyinin ilk günlərində Alyaskada neft və qaz hasilatını artırmağa imkan verən sərəncamlar imzalamışdı.