BAKI, 21 fevral. TELEQRAF

18 yaşdan yuxarı vətəndaşlar ən çox həyat yoldaşı və övladları ilə yaşayırlar.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzinin “Ailədə nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” tədqiqatında yer alıb.

2024-cü ildə həyata keçirilən tədqiqat ümumilikdə ölkənin 12 rayonu üzrə 1170 nəfər respondenti əhatə edib. Ehtimallı seçmənin klaster üsulundan istifadə olunub və hər ev təsərrüfatından bir nəfər olmaqla yaşı 18-dən yuxarı olan vətəndaşlar könüllü razılıq əsasında iştirak edib.

Tədqiqatda respondentlərdən ailə olaraq, hazırda kimlərlə birlikdə yaşadıqları soruşulub və bütün mümkün olanları seçmək imkanı ilə geniş sayda cavablar təqdim edilib: valideynlə (valideynlərlə), övladımla (övladlarımla), həyat yoldaşımla, bacım/qardaşımla, nəvəmlə (nəvələrimlə), nənə-baba ilə, digər qohumlarla, tək yaşayıram.

Cavablar arasında böyük faiz fərqi ilə ən çox seçilən həyat yoldaşı (71,8%) və övladlarla (75,9%) yaşayış, ən az seçilən nənə-baba (3,1%) ilə və tək yaşayışdır (3,1%)

Qeyd edilib ki, bu cavablar istənilən yaşda olan Azərbaycan vətəndaşları deyil, yaşı 18-dən yuxarı olanlara aiddir. Bu baxımdan valideynlə yaşadığını rəyi soruşulanların yalnız 22,2%-nin, nənə-baba ilə yaşadığını 3,1%-nin qeyd etməsi qeyd etməsi aydındır.