BAKI, 17 fevral. TELEQRAF

Rusiya və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında gəlir və kapitala görə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə hökumətlərarası saziş imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

İmzalanma Əbu-Dabidə Rusiyanın maliyyə naziri Anton Siluanov və BƏƏ-nin maliyyə üzrə dövlət naziri Məhəmməd bin Hadi Əl Hüseyninin iştirakı ilə Rusiya-BƏƏ maliyyə dialoqunun birinci iclası çərçivəsində reallaşıb.

Hər iki tərəfindən ratifikasiya edildikdən sonra sazişin 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Müqavilənin müddəaları BƏƏ-də gəlir və korporativ vergilərə, habelə mənfəət vergisinə, fərdi gəlir vergisinə və təşkilatların əmlak vergisinə şamil edilir.

Qeyd edək ki, Rusiya ilə BƏƏ arasında investisiya gəlirlərinin vergiyə cəlb edilməsinə dair 2011-ci ildə bağlanmış saziş mövcuddur.

Bu, BƏƏ-də dövlət investisiya fondlarının və banklarının Rusiya iqtisadiyyatına investisiya yatırmağa maraq göstərməsi ilə əlaqədar imzalanıb, lakin ölkədə korporativ mənfəət və fərdi gəlirlərin vergiyə cəlb edilməsinin demək olar ki, tamamilə olmaması ikiqat vergitutmanın qarşısının alınmasına dair standart sazişin bağlanmasını mümkünsüz edib.

BƏƏ 2023-cü ilin iyun ayında korporativ gəlir vergisini tətbiq edib.

İkiqat vergitutma üzrə yeni saziş qüvvəyə mindikdən sonra 2011-ci il müqaviləsi də qüvvəsini itirəcək.