BAKI, 21 fevral. TELEQRAF

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Məhkəmə-Huquq Şurasından Teleqraf-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində fevralın 16-dan 21-dək Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin rəhbərlik etdiyi, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Əhliman Xıdırovdan, Komitə üzvlərindən və Məhkəmə-Hüquq Şurasının Aparatının nümayəndəsindən ibarət heyət Qazaxıstan Respublikasında rəsmi səfərdə olub.

Səfərin məqsədi Qazaxıstan Respublikasında hakimlərin qiymətləndirilməsi sahəsində həyata keçirilən fəaliyyət, məhkəmələrin rəqəmsallaşdılması, habelə qardaş ölkənin məhkəmə-hüquq sistemində aparılan digər islahatlarla yaxından tanışlıq olub.

İlk olaraq Qazaxıstan Respublikası Ali Məhkəməsində keçirilən görüşdə nümayəndə heyətini salamlayan Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşların pozulmuş hüquqların qorunmasına yönəlmiş yeni məhkəmə islahatları barədə məlumat verib. Bu islahatlar arasında apellyasiya instansiyasının rolunun gücləndirilməsi, ailə məhkəmələrinin yaradılması, eksterritorial aidiyyətin tətbiqi, yeni kassasiya instansiyası məhkəmələrinin yaradılması, habelə azərbaycanlı həmkarların mühüm dəstəyi ilə inzibati işlər üzrə ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər xüsusi qeyd olunub.