BAKI, 12 sentyabr. TELEQRAF
Teleqraf-ın "Şənbə söhbəti" rubrikasının bu dəfəki qonağı "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğludur.
Onunla istirahət vərdişlərindən, siyasətə, həyata baxışlarından, ailə "gizlinlər"indən danışdıq. Səmimi əhvalda keçən söhbəti təqdim edirik.
- Şahbaz bəy, bir naşir, kitabçı və iş adamı kimi sizin üçün şənbə gününün o biri günlərdən fərqi nədi?
- Şənbə-bazar mənim ailə günlərimdi. Çalışıram, bu iki günü ailə üzvlərimlə keçirim. Düzdü, hər şənbə bu, mümkün olmur. Bazar günü isə bizim üçün sanki müqəddəs tarixdi, səhərdən-axşama ailəmlə bir yerdə oluram. Həftənin bir gününü fərqli keçirmək yəhudilərdə də var, onlar yalnız şənbə günü ibadət edir, dadlı yeməklər yeyir, bir yerdə olurlar. Müsəlmanların orucluq qaydası kimi həmin günü mənəvi-fiziki mənada təmizlənməyə çalışırlar. Mənə görə şənbə-bazar belə günlərdəndi.
- İki günü eyni qaydada keçirə bilirsiz?
- Bəzən şənbə günü işləyirəm deyə bazar daha fərqli olur. O günü tam evə, ailəyə sərf edə bilirəm. Ailə olaraq şənbə-bazara uyğun proqramlar tərtib edirik. Birlikdə bazara, gəzməli yerlərə, muzeylərə, teatra gedirik. Çalışırıq evdən çıxaq. Bazar günü evdə hamıdan tez mən oyanıram. Daha tez yuxudan oyananda rahat şəkildə hansısa kitaba köklənib oxuyuram.
- İndi hansı kitabı oxuyursunuz?
- Çingiz Hüseynovun “Doktor N” romanını. Möhtəşəm romandı, mən onu səviyyəcə “Əli və Nino” ilə müqayisə edərdim. Bu kitaba valeh olmamaq mümkün deyil. Hazırda onun təsiri altındayam.
-
- Şənbə-bazar ənənələriniz hansı dövrdən formalaşmağa başladı? Gənclikdə də beləydiniz?
- Deyə bilmərəm gənclikdə də beləydim... Məncə, bu, daha çox yaşla bağlıdı. Amma mən həmişə gəzməyə meyilli olmuşam. İndi çoxlu tur qrupları var, içimdə bir hava dolaşır ki, qoşulum onlara, gedib bir bazarı onlarla keçirim.
Əslində biz təmsil etdiyimiz bölgəni mükəmməl tanımırıq. "Qafqazın 12 sirri" kitabını oxuyanda dərk edirsən ki, sən bu coğrafiyaya kifayət qədər bələd deyilsən. İnsanı qidalandıran yalnız yemək deyil ki…
- Müşahidələrlə belə qənaətə gəlmək olur ki, fərqli istirahət proqramları tutmağınızda həyat yoldaşınız Nigar Köçərlinin ciddi rolu var.
- Nigar xanımın bu məsələdə rolu müstəsnadı. Biz bir yerdə olmaqdan məmnunuq, zövqlərimiz üst-üstə düşür. Gəzmək, səyahət etmək, harasa getmək bizim ortaq nöqtəmizdi. Nigar istəyən yerə heç vaxt yox demirəm. Əgər o, istəyirsə, mütləq ora getməliyik. Mənim istədiyim yer varsa, vaxt imkan verirsə, mütləq ora da gedirik. Əsas bir yerdə olmaqdı.
- Sosial şəbəkələrdən də məlum olduğu kimi, Nigar xanımla tez-tez xalq arasında “day-day kafesi" adlanan yerlərə baş çəkirsiniz. Nigar xanım sizə xoş gəlsin deyə o kafelərə gedir, yoxsa bu, onun özü üçün də maraqlıdı?
- Əvvəllər Nigar xanım buna şübhə ilə baxırdı. Qızımız Ülviyyə rəssamdı, əsərlərində sadə Azərbaycan insanını yaratmağa üstünlük verir. Mən də bəzən o cür kafelərdə olanda qızıma şəkillər çəkib atırdım. Qızım məndən xahiş etdi ki, o da həmin kafelərə getsin. O cür sadə kafelərə qızımızı aparmaq üçün getdik. Nigarı da bu məsələyə cəlb etdim.
Azərbaycan ailələrində xanımlar evdə daha çox olur, kişilər isə dostları ilə kafe-restoranları dolaşır. Mən Nigara təklif etdim ki, istəsə “day-day kafeləri"ndə də otura bilərik. Bu, həm də bizim sosial məsuliyyətimizdi. Bu cür kafelər artıq zəifləyib, insanlar o yerlərə nadir hallarda üz tutur.
Belə sadə kafelərin həyatımızdakı rolunu vurğulamaq, orada bişən yeməklərin dadlı olduğunu hər kəsə çatdırmaq lazımdı. Bunu kiçik biznesə bir növ dəstək mesajı kimi də anlamaq olar.
-
- Bəzən o kafelərdə gigiyenik qaydalara əməl olunmur. Videolarda da Nigar xanım oradakı gigiyenik şəraitdən gileylənirdi…
- Mən düşünürəm ki, közdən keçən hər şey təmizdi... Əslində heç adlı-sanlı, böyük restoranlarda arxa planda nəyin necə hazırlandığını da görmürük. Bu mənada elə kafelərdə ortama çox da fikir vermək lazım deyil. O cür yerlərə çox gedəndə onlar da təmizliyin qayğısına qalırlar.
Həmin kafelərin çoxu sovet dövründə yeməkxana, pitixanaydı. Hələ də o ab-havanı qoruyub saxlayırlar. Yəni, onların da tarixi var. Vaxtilə o kafelərə dostlarımla gedərdik. İndi bəziləri həyatda deyil. Bu, mənim keçmişimdi, gedəndə xatirələrim canlanır. Özüm də maraqlıyam ki, o kafelərə daha çox gedim və Nigar xanım da yanımda olsun.
- Nigar xanımla aranızda olan harmoniya hər ikinizin kitaba olan sevgisindənmi qaynaqlanır, yoxsa başqa səbəblər də var?
- Məncə, bizi birləşdirən elə kitabdı. İkimiz də eyni işlə məşğul olurduq və bu, bizi bir araya gətirdi. Birlikdə eyni vaxtda, eyni yerdə işləmək çox vacibdi. Bu, insanları bir-birinə daha da yaxınlaşdırır. Bundan qorxmaq lazım deyil.
- Bəzən isə cütlüklərə eyni yerdə işləmək çətin olur...
- Ola bilsin, elə insanlar da var. Mən isə hər şeyi qəbullanan adamam. O şey ki ağlında var, onu özün etməyə çalış və başqasına buyurma! Yəni, mən bu prinsiplə yaşayıram və işləyirəm. İşdə, ailədə konflikt yarada biləcək heç bir kəlməni işlətmək istəmirəm. Çünki biz sözümüzün ən pisini yox, ən gözəlini deməyi öyrənməliyik. Gözəl sözləri sərf elədikcə həyatın, ətrafın, mühitin dəyişir.
-
- Sosial şəbəkə paylaşımlarınızda pərpətöyünə münasibətiniz marağa səbəb oldu. Bu, sağlam qidalanmaya çağırış idi. Amma niyə məhz pərpətöyünü daha çox vurğulamalı oldunuz?
- Həyatımın böyük hissəsini kitaba həsr etmişəm. Amma kitab məni o qədər populyarlaşdırmadı, nəinki pərpətöyünlə bağlı hansısa paylaşım... Parpətöyün daha çox marağa səbəb oldu, indi hər kəs məni tanıyır, küçədə, çöldə olan reaksiyalar da bunu təsdiq edir.
Həyatımızda çoxlu gözəl şeylər var ki, onlara biganəyik, biri də pərpətöyündü. Əslində biz ətlə qidalanmaq adətimizi dəyişməliyik. Elə ailələr var, onların fikrincə, süfrədə ət yoxdusa, deməli, yeməyə heç nə yoxdu. Halbuki elə deyil. Ümumiyyətlə, yemək barədə az düşünmək lazımdı. Əslində yemək həm də düşüncədi. Çox vaxt adamı yedizdirən aclıq yox, düşüncə olur. Düşünməsən, yeməzsən.
Sadəcə bizə təqdim olunan şeylərə adət edirik. Ətrafımızda olan faydalı nemətləri isə görmür və yanından keçirik.
Hər il xarici ölkələrə kitab sərgilərinə gedirik. Orada yemək menyularına baxanda görürsən ki, bu, elə adi quşqonmazdı, yaxud adi əvəlikdi. Biz özümüz isə mətbəximizdə onlardan dəyərli qida kimi istifadə etmirik. Bilmirəm bu nə ilə bağlıdı...
- Şənbə-bazar üçün ayrıca yemək menyusu müəyyənləşdirirsiniz?
- Evdə şənbə-bazarın, demək olar ki, anası mənəm. Həmin günlər evdə yeməyi mən hazırlayıram, uşaqlarla mən məşğul oluram. Səhər tezdən yemək hazırlamağı çox sevirəm. Bizim ailə adətən erkən oyanır, birlikdə idmana gedirik. Daha sonra evə qayıdırıq, yaxud hansısa kafedə səhər yeməyinə otururuq. Kafe seçəndə təzə başlayan, yaxud ailələrə məxsus olanına üstünlük veririk ki, onlara dəstək olaq. Bəzən o yerlərdən paylaşımlar edirik.
Dəyirman ununu, hazırladığımız yeməklərin məhsulunu rayondan gətiririk. Təbiətə məxsus nemətlərdən yemək hazırlamağa çalışırıq.
-
- Yeməkləri kim hazırlayır?
- Şənbə-bazar yemək hazırlamaq işini mən görürəm. Nigar da istəsə mənə kömək edir. Bu mövzuda o, sərbəstdir.
- Kitabdan başqa sizi Nigar xanımla bütövləşdirən cəhətlər nələrdi?
- Söhbət təkcə sevgidən getmir. Bizi birləşdirən başqa cəhətlər də var. Nigar çox intellektualdı, bu xüsusiyyətlərinə həsəd aparıram.
- Nigar xanımın atası da mütaliə məsələsində sizinlə ayaqlaşmağa çalışır…
- 90 yaşı olmasına baxmayaraq yazır, mütailə edir. Ona görə bizim danışmağa mövzumuz olur. Bir süfrə arxasında çörək yeyərkən də müzakirə aparırırıq.
- Bəs qayınanaya münasibətiniz necədi?
- Fikrimcə, həyatımızda dəyərləndirmədiyimiz vacib insanlar var. Təəssüf ki, bizim ədəbiyyatımızda, filmlərimizdə qayınana mənfi obraz kimi verilir. Necə ola bilər, uşağının babasına, nənəsinə mənfi münasibət bəsləyəsən? Bizim borcumuz böyüklərə hörmət etmək, onların yolunu gözləmək, onları dinləməkdi.
"Əşi, qaynanadı-qayınatadı, nə deyir-desin" yanaşması doğru deyil. Ədəbiyyatımızdan, filmlərimizdən qayınanaya-qayınataya olan mənfi və qeyri-ciddi münasibət şüuraltımıza ötürülüb. Fikrimcə, bunu da dəyişməliyik.
-
- Şahbaz bəy, siyasi proseslərə münasibətiniz necədi? Bir dövrdən sonra sizi parlamentdə görmək ehtimalı varmı?
- Bu barədə düşünmürəm, niyyətim də yoxdu. Bilirsiniz, xoşbəxtlik bütöv bir il və ya dövr deyil. Hər anın dəyərini bilmək lazımdı. Mən o anlarımı qaçırmaq istəmirəm. Kitab oxuyuram, bir anda ədəbiyyat mənə o gözəlliyin zövqünü yaşadır.
Ailəmlə, uşağımla gəzirəm, bir sevinən insan görürəm. Bunlar mənə xoşbəxtlik yaşadır. Ona görə də bu çevrədən özümü ayırmaq istəmirəm. Kitab nəşr edirəm, düşünürəm ki, əvvəlki illərimdə bu işi daha tez, indiki qaydada aparsaydım, daha yaxşı olardı.
- Əvvəllər işinizi bu templə aparmağa nə mane olurdu?
- Əvvəllər kitab mühiti yox idi. Vaxtilə küçədə kitab satırdıq, bizi cərimə edirdilər. Hətta tanıdığım adamlar deyirdilər ki, gör nə günə düşüb, gəlib küçədə kitab satır. İndi isə sevinirəm ki, nəşriyyatlar çoxalıb, çoxsaylı kitablar çap olunur.
- Küçədə kitab satarkən bunun nə vaxtsa böyük bir biznesə çevriləcəyinə inanırdınızmı?
- Əslində eyni işdi, indiki işimiz onun davamıdı. “Təkərli Kitab” dükanımız var, onunla kəndlərə gedirik. Bu bir prosesdi.
- Yəni, bunu biznesə çevirə bildiniz?
- Bu, həm biznes, həm də mədəniyyətdi. Amma harada biznes, harada mədəniyyət olduğunu kimsə bilə bilməz. Bu, əlbəttə, həm də biznesdi, burada işçilər çalışır, sən mütləq yaxşı satış eləməlisən ki, insanların maaşını ödəyə biləsən.
-
- Deputat qardaşı olmağınızın, yəni Sabir Rüstəmxanlının Milli Məclisdə təmsilçiliyinin sizə verdiyi üstünlük nədən ibarət olub?
- Azərbaycanda deputatların səlahiyyəti o qədər də böyük deyil. Ölkəmiz böyük olmadığına görə hər kəs hər kəslə əlaqə qura bilir. Deputat nə edə bilər ki? Sadəcə sözünü deyə bilir. Əlbəttə, nəsə problem yaransa, Sabir bəyin də imkanı daxilindədisə, əsirgəmir.
- Ümumiyyətlə, Sabir Rüstəmxanlı ilə münasibətiniz necədi?
- Bizim aramızda həmişə böyük-kiçik yeri olub.
- Amma Sabir bəyin sizin nəşriyyatdan köçməyi ilə bağlı fərqli fikirlər səsləndi…
- Yox, küsülü deyilik. Onun rəhbərlik etdiyi partiya 8 il idi burada yerləşirdi. Nəşriyyat olaraq böyümək istəyirdik, onda partiya buradan çıxdı. Beləliklə, nəşriyyatımız bir qədər böyüdü. Partiya yerləşən salonda kitab sərgisi yarada bildik.
- Şahbaz bəy, qocaman yazıçı Əlisa Nicatla bağlı bir neçə dəfə sosial şəbəkələrdə paylaşım etmisiz, onun sosial vəziyyətinin düzəlməsi üçün dəstək kampaniyası aparmısız. Əlisa Nicata xüsusi diqqətiniz nədən qaynaqlanır, bunun bir motivi varmı?
- Əlisa Nicatın əsərlərini, o cümlədən "Qızılbaşlar" romanını oxuyanda 15-16 yaşım var idi. Amma ona indiki münasibətim təkcə o illərdən qaynaqlanmır. 90 yaşı olmasına baxmayaraq Əlisa Nicat bu gün də işləyir, tərcümə edir, mütaliə ilə məşğuldu, kitablarını nəşr elətdirir.

Fəlsəfə inistitutu Əlisa Nicata “Dünya filosofları” kitabına görə fəlsəfə doktoru adını verib.
Deməli, bu adam bir iş görüb. Amma normal dolanışığını təmin edə bilmir. Fikrimcə, bu yaşda yaradıcılıqla məşğul olan insanlara xüsusi diqqət göstərilməlidi.
Mənim bu sözlərim yalnız Əlisa Nicata aid deyil, eyni şəkildə yazıçı Məmməd Oruc da bağ evində, cəmiyyətdən kənarda yaradıcılığa qapılıb. Bunları görməzdən gəlmək olmaz.
FOTO: Elnur Muxtar