XANKƏNDİ, 11 sentyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Teleqraf-a eksklüziv müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- İnanıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasındaki münasibətlər çox müsbət və dinamik bir mərhələdədir. Bu dinamikliyin ən bariz nümunəsi son bir il ərzində həyata keçirilən yüksək səviyyəli təmaslardır. Xüsusilə də mart ayında Avropa İttifaqı Şurasının Prezidentinin və iyul ayında Avropa Komissiyasının Prezidentinin Bakıya səfərləri, həmçinin Ali Nümayəndənin iki səfəri buna əyani sübutdur. Məhz bu yüksək səviyyəli rəhbər təmasları yeni və iddialı əməkdaşlıq gündəliyinə yol açıb.
- Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Bunu da son dərəcə müsbət qiymətləndirirəm. Hesab edirəm ki, hər iki ölkə və onların liderləri regionda analoqu olmayan müsbət bir dinamikaya doğru addım atıblar. Bir il əvvəl Vaşinqtonda sülh sazişinin paraf edilməsindən bu yana artıq ortada göstəriləsi çoxlu praktiki uğurlar və nailiyyətlər var.
- Avropa İttifaqının Qarabağda bərpa və yenidənqurma işləri ilə bağlı hər hansı planı varmı?
- Avropa İttifaqı müxtəlif proqramların icrasında, sülh gündəliyinin və regional əməkdaşlığın irəlilədilməsində Azərbaycanın etibarlı tərəfdaşı olub və ümid edirəm ki, bundan sonra da belə qalacaq. Sülhü dəstəkləyərkən biz, təbii ki, keçmiş münaqişənin bütün fəsadlarının aradan qaldırılmasına da töhfə verməyə çalışırıq. Buna münaqişədən əziyyət çəkmiş icmaların dəstəklənməsi, bərpa işləri və xüsusilə də əsas diqqət ayırdığımız minatəmizləmə fəaliyyəti daxildir.
- Azərbaycandakı səfərinizdən sonra Ermənistana da səfər edəcəksinizmi?
- Bəli, Azərbaycandan sonra Ermənistana səfər edəcəyəm.