BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla yaxın zamanda görüşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, tərəflər arasında müxtəlif imkanlar çərçivəsində görüşlər keçirilir və yaxın zamanlarda da belə bir görüşün baş tutması mümkündür.
C.Bayramov vurğulayıb ki, sonuncu dəfə Bişkekdə keçirilən çoxtərəfli format çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir sıra işgüzar görüşlər keçirib, o cümlədən Ermənistanın Baş naziri ilə görüşüb:
“Orada bizim də ikitərəfli görüşümüz oldu və bir sıra məsələlər üzərində fikir mübadiləsi aparmaq imkanımız yarandı. Razılaşdıq ki, növbəti fürsətlərdə işgüzar görüş keçirərək işlərin gedişini müzakirə edəcəyik. Yaxın zamanlarda belə bir görüş baş tuta bilər”.