QARABAĞ, 12 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə xarici diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olacaq. Onlara rayonda reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlər barədə məlumat veriləcək.
Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
FOTO: Elnur Muxtar