XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərindən sonra iki ölkə arasındakı münasibətlər mövcud olan ən yüksək – müttəfiqlik səviyyəsinə çatıb.

Bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

Səfir qeyd edib ki, imzalanan Müttəfiqlik haqqında Müqavilə bütün sahələr üzrə əməkdaşlığı möhkəmləndirmək və gələcək inkişaf üçün möhkəm baza yaratmaq məqsədi daşıyır.

M.Mamıtkanov dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin görünməmiş intensivlik qazandığını diqqətə çatdırıb:

"Hər il istər dövlət, istərsə də işgüzar səfərlər çərçivəsində ali səviyyəli kontaktlar baş tutur. Təkcə bu il İlham Əliyev iki dəfə Qırğızıstanda olub. Qırğızıstan Prezidenti Sadır Japarovun isə bu il Azərbaycana artıq üçüncü səfəri nəzərdə tutulur. Bu dinamika münasibətlərimizin inkişafına böyük təkan verir".

Qarabağa səfər təəssüratlarını bölüşən diplomat Xankəndidə aparılan bərpa-quruculuq işlərinə heyranlığını gizlətməyib:

"Hər dəfə Xankəndiyə gələndə şəhərin necə gözəlləşdiyini və dəyişdiyini görürük. Yeni binalar, parklar və stadion inşa olunur. Nəzərdə tutulan planlaşdırma yüksək səviyyədə və layiqincə icra olunur. Sabah originates Kəlbəcərə də səfər edəcəyik. Əminik ki, növbəti səfərlərimizdə daha böyük tərəqqinin şahidi olacağıq".