
BAKI, 24 fevral. TELEQRAF
Prezident İlham Əliyev bu ilin aprelində Pakistana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında paylaşım edib.
"Bu gün Bakıda hörmətli qardaşım Prezident İlham Əliyevlə əla görüşüm oldu. Mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkür etdim. Ən qardaşlıq şəraitində keçən müzakirələrimiz ikitərəfli əməkdaşlığımızın, xüsusilə ticarət, enerji, müdafiə və regional əlaqələr sahələrində əməkdaşlığımızın genişləndirilməsinə yönəldilib.
Pakistanda qarşılıqlı faydalı layihələrdə 2 milyard ABŞ dolları dəyərində Azərbaycan investisiyaları portfelinin yekunlaşdırılması ilə bağlı da geniş müzakirələr apardığımızı bölüşməkdən məmnunam və bu sərmayə ilə bağlı tarixi sazişləri imzalamaq üçün bu ilin aprelində əziz qardaşım Prezident Əliyevin Pakistana səfərini səbirsizliklə gözləyirəm. Biz Pakistan-Azərbaycan strateji tərəfdaşlığını gücləndirmək üçün ortaq öhdəliyimizi və qətiyyətimizi ifadə etdik ki, bu, təkcə iki xalqımızın xeyrinə deyil, həm də regional sülh və tərəqqiyə töhfə verir", - deyə paylaşımda qeyd olunub.