BAKI, 24 fevral. TELEQRAF

"Burada - hər zaman yaşıl və gözəl Bakı şəhərindəyik. Lakin bu gün şəhər qar örtüyünə bürünüb və hətta daha gözəl görünür".

Teleqraf xəbər verir ki, bu fikiləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı səsləndirib.

"Bu gözəllik mənə çox nəzakətli töhfənizi – İslamabadda yaşıllıq ekspertlərindən ibarət heyətinizi xatırladır. Onlar İslamabadın abadlaşdırılmasında əla iş görüblər və Əlhəmdüllah, şəhərimiz də gözəldir. Bununla belə, heyətinizin yanaşması çox əladır və bu jestə görə Sizə təşəkkürümü bildirirəm.

Zati-aliləri, Sizin Pakistana son səfəriniz ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi. Pakistan xalqı səfəriniz zamanı çox sevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz", - deyə Baş nazir qeyd edib.