BAKI, 10 noyabr. TELEQRAF
1938-ci ilin noyabrı.
Məşhur ifadədə deyildiyi kimi, “Türkiyə o gün yağmur yağmadan islanmışdı”.
Çünki Türkiyə böyük xilaskarını itirmiş, onunla vida mərasimi keçirirdi.
Dolmabağça sarayında matəm havası vardı, təziyyə dəftərinə böyük itkiylə bağlı təsirli cümlələr yazılırdı.
“Cumhuriyet” qəzetinin yazdığına görə ziyarətçilər arasında iki azərbaycanlı da vardı. Onlar saraya gələrək təziyyə dəftərini imzalamış, ardınca növbəti prezident İsmət İnönüyə teleqram göndərmişdilər. Bu şəxslər Cümhuriyyətimizin sonuncu daxiliyyə vəkili Mustafa Vəkiloğlu ilə ilk hərbiyyə vəkili Xosrov Sultanzadə idi.
Mustafa bəy İsmət paşaya göndərdiyi teleqramında yazırdı: “Böyük Türk övladı Atatürkümüzü itirdik. Bütün Türklərin bu böyük matəm günlərində biz bədbəxt Azərbaycan türklərinin də qəlbləri qan ağlayır”.

Sovet Azərbaycanı mətbuatında “Kamal Atatürk öldü” başlığı ilə 2-3 cümləlik xəbər dərc edildiyi zaman mühacir azərbaycanlılar Türkiyənin qurucusuna sevgi və hörmət göstərmişdilər.
Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadə isə həmin ərəfədə Varşavada yaşayırdı. Atatürkün ölüm xəbərini eşidən kimi TBMM-ə teleqram göndərmişdi: “Qardaş Türkiyənin böyük matəminə milli Azərbaycan adına candan təəssürlə iştirak edərim”.
Rəsulzadə həmin ərəfələrdə Atatürk haqqında məqalə yazmış, onu türk, rus və polyak dillərində dərc etdirmişdi.
Mustafa Vəkiloğlu iştirak etdiyi bu tarixi anı unutmayaraq 25 il sonra “Böyük Atatürk” adlı məqalə yazmışdı. Aradan uzun illər keçməsinə baxmayaraq o anların təsirindən çıxa bilməmişdi: “O gün bütün İstanbul ağlayırdı. Mən vaxtilə Parisdə marşal Foşun cənazə kortejini gördüm, fəqət İstanbulun Atasına etdiyi cənazə törəni Parisinkindən çox möhtəşəm, çox daha başqa idi”.

Mühacir azərbaycanlılar Türkiyəyə sığınanda Mustafa Kamal paşa Qurtuluş Savaşını davam etdirirdi. İstər TBMM hökuməti dövründə, istərsə də cümhuriyyətin elanından sonra Qafqazdan Türkiyəyə gələn axının qarşısını almamışdı. Mühacirlər onun prezidentliyi dövründə Rusiyaya qarşı istiqlal mübarizəsini apardı, təşkilatlar qurdu, milli mətbuat yaratdılar. Avropada yaşadıqları dönəmdə də səfirliklər vasitəsilə tək müstəqil türk ölkəsinin dəstəyini gördülər. Çünki Mustafa Çokayın dediyi kimi, bütün türklərin iki vətəni vardır: Biri doğub böyüdüyü torpaqlar, digəri Türkiyə.
Buna görədir ki, Cümhuriyyətimizin işğalından sonra Azərbaycan Süvari Alayı Sarıqamışın azadlığında birbaşa iştirak etmiş, ona yaxın zabitimiz Atatürkün verdiyi İstiqlal Medalı ilə mükafatlandırılmışdı.
Atatürk 1924-cü ildə Qarsa gəldiyi zaman onu dəmiryolu vağzalında qarşılayanlar arasında Azərbaycan musiqiçiləri yer almışdı. Onlar “Salam türkün bayrağına” mahnısını oxumuş, “Arşın mal alan”dan səhnələr göstərmişdilər.
Sonrakı illərdə azərbaycanlı mühacirlər onlarla yazı yazmış, Atatürkün qəhrəmanlıqları ilə bağlı pyeslər də qələmə almışdılar.
Amma Atatürkə ən böyük qiyməti vəfatının 82-ci ildönümündə müstəqil Azərbaycan və onun müzəffər Ali Baş Komandanı verdi.

27 sentyabr 2020-ci ildən öncəki Azərbaycanı düşünək. Otuz ildən çox idi ki, ölkəmizin qəlbi işğal altında idi. İlk müharibədə 20 min insanımız həyatını itirmiş, bir milyona yaxın insan yurdunda köçkün düşmüşdü. Maddi-mənəvi zərərimizin miqyası o qədər böyükdü ki, onun ağrısını uzun illər çəkməli olduq. Hər şey əleyhimizdə idi. İşğala məruz qalan, minlərlə insanını itirən biz olduğumuz halda beynəlxalq aləm ağzına su alıb oturmuşdu. Böyük layları çatlatmaq mərhələli şəkildə uzun zaman alsa da, nəticəsi 44 gündə əldə edildi. Üç min şəhid verdik, minlərlə yaralımız, qazimiz oldu. Şərəflə, ləyaqətlə müharibə apardıq, kəndbəkənd torpaqlarımızı azad etdik və nəhayət, 10 noyabrda Ermənistanı kapitulyasiyaya məcbur edə bildik.
10 noyabr 2020-ci il bizim Zəfər tariximiz oldu.
Amma...
Bir zamanlar Vətənini itirmiş, didərgin düşmüş, Türkiyəyə sığınmış azərbaycanlıların, türküstanlıların, krımlıların və digər türk ellərinin hamisi olan, tək müstəqil türk dövlətini ayaqda saxlayan, Qurtuluş Savaşı ilə beynəlxalq gücləri ölkəsindən qovan böyük Atatürkün anım günü idi. 1938-dən bəri Türkiyənin gözyaşı dinməmişdi.
Qardaş Türkiyənin vətəndaşları gözyaşlarını axıdarkən bizim meydanlarda, Cıdır düzündə, evlərdə, obalarda şadyanalıq etməyimiz onlara ağır gələrdi.
Qurtuluşun, Vətən torpağını işğaldan azad etməyin nə demək olduğunu, bunu həyata keçirməyin necə bir böyük düha, strateji ağıl, mətanət tələb etdiyini Prezident İlham Əliyevdən başqa kim duya bilərdi ki?
Ona görə də minlərlə qəhrəmanımızın qanı bahasına əldə edilən, otuz illik işğala son qoyan bir Zəfərin tarixini onun qədər əhəmiyyətli olan bir günlə əvəzləməyi ancaq böyük bir ürəyə sahib olan şəxs həyata keçirə bilərdi.
İndiyədək Atatürk haqqında minlərlə söz deyilib, minlərlə məqalə, kitab yazılıb, möhtəşəm abidələr ucaldılıb, hətta onun şəxsini qorumaq üçün qanun da qəbul edilib. Amma heç biri Azərbaycan Prezidentinin bu addımı qarşısında müqayisəyə də gəlməz.
Bu gün fəxrlə deyə bilərik ki, Atatürkə - küldən doğaraq alova çevrilən, bir milləti dirildən bu böyük şəxsiyyətə ən böyük qiyməti yenə onun kimi millətinin gözündəki yaşı qurudaraq onu qalibiyyətə aparan, “Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandanımız verib.
Bu gün Türkiyə 103 yaşında qocaman dövlətdirsə, Azərbaycan müzəffərdirsə, demək ki, Atatürkün də ruhu şaddır. Necə ki azad Şuşada onun adını daşıyan küçə də mövcuddur.
Mustafa Kamal Atatürkün vəfatının ildönümündə onu hörmətlə yad edir, Ankaranın səmasında pərvaz edən ruhunu salamlayırıq.