BAKI, 10 noyabr. TELEQRAF

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında bu gün Bolqarıstanın “Maritsa Plovdiv” komandasını qəbul edəcək.

Teleqraf xəbər verir ki, görüş Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.

Komandalar arasında keçirilən ilk oyunda “Turan” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Tovuz klubu cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, “Turan” qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, İtaliyanın “Savino Del Bene Skandiççi”, Türkiyənin “Əczaçıbaşı Peron” və Serbiyanın “TENT” klubları ilə eyni qrupda mübarizə aparacaq.