BAKI, 9 aprel. TELEQRAF
Şimali Kipr Türk Respublikasında və Ankarada keçirilən görüşlərdən sonra, bu gün Azərbaycanda həyata keçirdiyimiz 3-cü iclas diplomatik təmas olmaqla yanaşı ortaq tariximiz, yaddaşımız və gələcəyə olan inamımızın güclü təzahürüdür.
Teleqraf xəbər verir ki, bunu bu gün Şimali Kipr Cumhuriyyəti ilə Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, keçmiş prezident Dərviş Əroğlunun qızı Rəsmiyə Əroğlu Milli Məclisdə keçirilən Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçüncü iclasında deyib.
O qeyd edib ki, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası eyni köklərdən qidalanan, eyni mədəni və tarixi mirası paylaşan bir bütövün parçalarıdır: “Lakin artıq açıq şəkildə qeyd etmək lazımdır ki, bu birlik yalnız emosional qardaşlıq çərçivəsində izah oluna bilməz. Şərqi Aralıq dənizindən Qafqaza qədər uzanan bu geniş coğrafiya enerji xətlərindən təhlükəsizlik balanslarına, diplomatik həmrəylikdən iqtisadi əməkdaşlıqlara qədər çoxşaxəli qarşılıqlı təsir sahəsi yaradır. Dünyada sürətlə dəyişən geosiyasi reallıqlar və balanslar bu əməkdaşlığın əhəmiyyətini hər keçən gün daha da aydın göstərir. Yaxın Şərqdə davam edən münaqişələr, Cənubi Kipr Rum Administrasiyasının avantürist siyasəti, Şərqi Aralıq dənizində artan hərbi hərəkətlilik, enerji resursları üzərində rəqabət və qlobal səviyyədə dərinləşən qeyri-müəyyənliklər regionumuzu dünyanın kritik bölgələrindən birinə çevirib. Türkiyənin güclü diplomatik potensialı, müdafiə sənayesindəki inkişafı və çəkindirici gücü, Azərbaycanın Qarabağ zəfəri və iqtisadi uğurları ilə regionda güclü aktor kimi çıxış etməsi, Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq dənizindəki strateji mövqeyi bir araya gəldikdə, əslində nə qədər böyük bir potensialı birlikdə daşıdığımız aydın şəkildə görünür. Bu məqamda xüsusilə vurğulamaq istərdim ki, üç qitənin kəsişməsində yerləşən Şimali Kipr Türk Respublikası yalnız dəstək gözləyən bir dövlət deyil, türk dünyasının Şərqi Aralıq dənizinə açılan qapısı və bu bütövün tamamlayıcı hissələrindən biridir".
Onun sözlərinə görə, ŞKTC ilə münasibətlərin inkişafı türk dünyasının Şərqi Aralıq dənizində geosiyasi təsirini artıracaq.
"Bu səbəbdən bu gün müzakirə etdiyimiz məsələ yalnız həmrəylik məsələsi deyil. Bu, ortaq baxış formalaşdırmaq, ortaq təsir sahəsi yaratmaq və gələcəyi birlikdə qurmaq məsələsidir. Parlamentlərimiz arasında yaradılan dostluq qrupları isə bu prosesin ən mühüm dayaqlarından biridir. Çünki parlament diplomatiyası həm dövlətlərarası münasibətlərin tamamlayıcısı, həm də xalqlarımız arasındakı bağları gücləndirən təsirli vasitədir. Bu çərçivədə konkret əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi, ortaq iş platformalarının yaradılması və təmasların davamlılığı böyük əhəmiyyət daşıyır. Şimali Kipr Türk Respublikasının yüksək keyfiyyətli təhsil sistemi nəzərə alınaraq, xüsusilə gənclər arasında qarşılıqlı əlaqələri artıracaq təhsil və mübadilə proqramları, eləcə də ticarət və investisiya əlaqələrini gücləndirəcək təşəbbüslərin konkret və davamlı nəticələr verəcəyinə inanıram. Türk Dövlətləri Təşkilatı başda olmaqla beynəlxalq platformalarda Şimali Kipr Türk Respublikasına göstərilən dəstək və həmrəyliyi yüksək qiymətləndirir və bunun daha da güclənməsini arzulayıram”.
Deputat bildirib ki, bu kontekstdə TÜRKPA çərçivəsində həyata keçirilən və parlament diplomatiyasında ortaq fəaliyyət imkanlarını artırmağı hədəfləyən TÜRKPA Plus təşəbbüsünü mühüm addım kimi qiymətləndirirlər: “Bu təşəbbüsün Şimali Kipr Türk Respublikasının beynəlxalq parlament platformalarında daha görünən olmasına, əlaqələrini gücləndirməsinə və Türk dünyası ilə institusional bağlarını daha da inkişaf etdirməsinə ciddi töhfə verəcəyinə inanırıq. Şübhəsiz ki, bu cür təşəbbüslərin konkret nəticələrə çevrilməsi beynəlxalq platformalarda nümayiş etdiriləcək güclü dəstək və həmrəylikdən asılıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində aparılan müşahidəçi üzvlük prosesimizin müsbət nəticələnməsi istiqamətində göstərəcəyiniz dəstək bu baxımdan əsas gözləntilərimizdəndir. Bununla yanaşı, Şimali Kipr Türk Respublikasının hələ təmsil olunmadığı digər beynəlxalq parlament platformalarında ölkənizin bizim haqlı mövqeyimizi tanıtmaq və Kıbrıs Türk xalqına tətbiq edilən qeyri-insani izolyasiyanın aradan qaldırılmasında oynayacağı rola görə indidən təşəkkür edirəm. Bu məsələ yalnız Şimali Kipr Türk Respublikasının deyil, türk dünyasının ortaq nüfuzu, ortaq iradəsi və ortaq gələcəyi ilə birbaşa bağlıdır. Atdığımız hər addım, qurduğumuz hər əlaqə və möhkəmləndirdiyimiz hər əməkdaşlıq ortaq gələcəyimizə edilmiş dəyərli sərmayədir. Bu anlayışla, qarşılıqlı həmrəylik və əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə ürəkdən inanıram. Birlikdə hərəkət etdiyimiz müddətdə aşmayacağımız heç bir maneə, çatmayacağımız heç bir hədəf yoxdur”.