BAKI, 9 sentyabr. TELEQRAF

Bakı beynəlxalq iqlim əməkdaşlığının yaxın tarixində olduqca mühüm yer tutur.

Teleqraf xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı katibi Simon Stiell BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) rəsmi açılış mərasimində video müraciətində deyib.

O bildirib ki, COP29-da ölkələr 2035-ci ilədək hər il 300 milyard ABŞ dolları həcmində yeni qlobal iqlim maliyyələşməsi məqsədini razılaşdırıblar:

“Bütün tərəfləri 2035-ci ilədək dövlət və özəl mənbələrdən iqlim maliyyələşməsini ildə ən azı 1,3 trilyon dollara çatdırmaq üçün birgə fəaliyyət göstərməyə çağırdılar. Mənim üçün Bakıya qayıtmaq sadəcə simvolik məna daşımır. Bu, öhdəliklərin yerinə yetirilməsi üçün bir istinad nöqtəsi, danışıqlar otaqlarında verilən vədlərin real olaraq layihələrə, investisiyalara və insanların yerindəcə müdafiəsinə çevrilib-çevrilmədiyinin sınağıdır. Hazırda əsas vəzifə məhz budur.

Biz bilirik ki, iqlim sahəsində əməkdaşlıq öz nəticəsini verir. Bu əməkdaşlıq olmasaydı, bəşəriyyət fəlakətli səviyyədə istiləşməyə doğru gedirdi. Əməkdaşlıq sayəsində biz hələ də mübarizəni davam etdiririk və real iqtisadiyyatın bütün sahələrində transformasiya sürətlənir”.

Simon Stiell qeyd edib ki, təmiz enerjiyə investisiyalar hazırda ildə 2 trilyon dolları ötür:

“Bərpa olunan enerji kömürü geridə qoyaraq dünyanın əsas elektrik enerjisi mənbəyinə çevrilib və bu fərq daha da artacaq. Təmiz enerjiyə keçid geri dönməzdir, lakin iqlim təsirləri də eyni sürətlə irəliləyir. Hər bir region daha güclü istilər, daşqınlar, quraqlıqlar, yanğınlar və ərzaq təhlükəsizliyi problemləri ilə üzləşir və hər bir iqtisadiyyat risk altındadır. Buna görə də temperaturun hər bir dərəcəsinin kiçik bir hissəsi belə əhəmiyyətlidir. Məhz buna görə bu İqlim Həftəsindən COP31-ə və ondan sonrakı dövrə qədər Paris Sazişinin vədini daha da irəliyə və daha sürətlə aparmalıyıq”.

Simon Stiell vurğulayıb ki, bu, fəaliyyətin hər bir istiqaməti üzrə güclü nəticələrin əldə olunmasını, xüsusilə də böyük transformasiyaların mərkəzinə insanların və icmaların yerləşdirilməsini nəzərdə tutur.

“Bu, həmçinin fəaliyyət gündəliyi vasitəsilə həyata keçirilməni sürətləndirmək, hökumətləri biznes, investorlar, şəhərlər, regionlar və vətəndaş cəmiyyəti ilə əlaqələndirmək, razılaşmalar əldə etmək və planları layihələrə çevirmək deməkdir.

Bu həftə məhz bunu etmək üçün nəzərdə tutulub: həll yollarını, tərəfdaşlıqları və investisiyaları sürətləndirmək üçün bu aktorları bir araya gətirmək. Bunun mərkəzində İnkişaf Forumu dayanır. Bu, investisiya üçün əlverişli həll yollarını müəyyənləşdirmək, maneələri aradan qaldırmaq və yerlərdə fəaliyyəti sürətləndirmək üçün yaradılmış məkandır. Çünki həyata keçirmə həm idarə heyəti iclaslarında, həm də hökumət kabinetlərində, eləcə də şəhərlərdə, sənaye sahələrində və icmalarda baş verir”.

Simon Stiell qarşıda duran prioritetlərin praktiki və təxirəsalınmaz olduğunu bildirib:

“Bunlara elektrikləşdirmə, o cümlədən elektrik şəbəkələri və enerji saxlanc sistemləri, sıfır tullantı və ərzaq təhlükəsizliyi, metan, dayanıqlı və səmərəli şəhərlər, iqlim risklərinin insan sağlamlığına təsirlərinə qarşı daha güclü tədbirlər və bir çox digər istiqamətlər daxildir.

Bunlar mücərrəd mövzular deyil. Bunlar təmiz və etibarlı enerji, daha aşağı xərclər, daha təhlükəsiz evlər, daha dayanıqlı ərzaq sistemləri, daha sağlam icmalar və daha təhlükəsiz iqtisadiyyatlar deməkdir – insanların görə və hiss edə biləcəyi nəticələrdir. Gəlin bu günlərdən səmərəli istifadə edək və bir daha Bakıda göstərək ki, dünya gecikməyi yox, nəticənin əldə olunmasını seçir".