BAKI, 9 sentyabr. TELEQRAF

İqlim dəyişikliyinin artan təsirləri ölkələrin iqtisadiyyatına və dövlət maliyyəsinə əlavə təzyiq yaradır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində bildirib.

O qeyd edib ki, qlobal qeyri-sabitlik, münaqişələr və bazarlardakı dəyişkənlik də bu təzyiqləri artırır:

“Bu vəziyyət iqtisadi şaxələndirməni və enerji dayanıqlığını milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli dayanıqlılıq baxımından daha vacib edir. COP29 çərçivəsində iqlim maliyyələşməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edilib. İqlim maliyyəsi üzrə hədəflər 300 milyard ABŞ dollarını keçməlidir”.

Ceyhun Bayramov Azərbaycanın ölkə daxilində də iqlim gündəliyi üzrə fəal addımlar atdığını vurğulayıb:

“Azərbaycan qlobal qiymətləndirmənin nəticələrinə uyğun olaraq üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini (NDC) təqdim edib”.

O bildirib ki, ölkədə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, hidroenergetika imkanlarının genişləndirilməsi və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələrinin inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir:

“2030-cu ilədək imzalanmış sazişlər Azərbaycanda əlavə olaraq təxminən 6 QVt günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur”.