BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycanın sülhlə bağlı atdığı addımlar göz önündədir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ötən il keçirilən tarixi Vaşinqton sammitində qəbul olunan mühüm sənədlər və verilən mesajlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından əhəmiyyətli olub.
C.Bayramovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev həmin sammit zamanı və Ağ Evdə çıxışı ilə bağlı sülhün Azərbaycan üçün artıq əldə olunduğunu qeyd edib:
“Azərbaycan-Ermənistan normallaşması prosesi çərçivəsində ötən ilin oktyabrından tranzit yüklərin Ermənistana və Ermənistandan Azərbaycan ərazisi üzərindən daşınmasına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, daha sonra Azərbaycandan bir sıra məhsulların Ermənistana ixracının başlanması, həmin məhsulların nomenklaturasının genişləndirilməsi və digər istiqamətlərdə mühüm addımlar atılıb”.
O vurğulayıb ki, vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də müxtəlif dövlət rəsmilərinin həm Ermənistan, həm də Azərbaycan ərazisində görüşlərinin keçirilməsi də bu prosesin bariz nümunələrindəndir:
“Prosesin başa çatdırılması üçün ehtiyac duyulan addımlar atılmalıdır. Burada, təbii ki, Ermənistanda referendum keçirilməsi və yeni konstitusiyanın qəbul edilməsi də nəzərdə tutulur”.
Onun sözlərinə görə, bunun vaxtı Ermənistanın daxili prosesidir:
“Biz ictimai məkanda Ermənistan rəhbərliyi tərəfindən bu istiqamətdə müxtəlif mesajlar eşidirik. Ötən ilin əvvəlində, Ermənistanda parlament seçkiləri ərəfəsində də belə bəyanatlar var idi. İndi isə seçkilərdən sonra Ermənistan Baş naziri öz çıxışlarında ilin sonuna qədər konstitusiya layihəsinin mətninin ictimaiyyətə açıqlanması və daha sonra referendumun keçirilməsi ilə bağlı yeni mesajlar verib.
C.Bayramov qeyd edib ki, bu, Ermənistanın üzərində olan bir prosesdir və Azərbaycan tərəfi həmin prosesi müşahidə edir və gözləyir.
“Bizim yanaşmamız dəyişməz olaraq qalır. Sülh prosesinin tam başa çatdırılması və bu prosesə son imzanın atılması üçün Ermənistanın atmalı olduğu addımları gözləyəcəyik”.