BAKI, 9 sentyabr. TELEQRAF

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası nə qədər tez icra olunarsa, bu, həm Azərbaycan və Ermənistan, həm də bütövlükdə region üçün faydalı olacaq.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, TRIPP layihəsi ilə bağlı əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılır:

“Layihənin Ermənistandan keçən hissəsi təxminən 42 kilometrdir”.

C.Bayramov vurğulayıb ki, ABŞ tərəfdən olan tərəfdaşlar mütəmadi olaraq Azərbaycanı danışıqların gedişi barədə məlumatlandırırlar:

“Bu da çox təbiidir. Çünki layihənin həm giriş, həm də çıxış nöqtəsi Azərbaycan sərhədidir. Azərbaycanın prosesdə iştirakı olmadan bu layihənin həyata keçirilməsi mümkün deyil”.

XİN rəhbəri bildirib ki, layihənin idarəedici şirkətinin yaradılması, müvafiq razılaşmaların əldə olunması və potensial investorların, o cümlədən ABŞ investorlarının layihəyə cəlb edilməsi müəyyən vaxt tələb edir:

“Azərbaycan tərəfinə verilən məlumatlara əsasən, bu istiqamətdə işlər və danışıqlar uğurla davam etdirilir. Bundan əvvəl əldə etdiyimiz məlumat ilin sonuna qədər fiziki işlərə başlanmasının ehtimal olunduğu barədə idi. Hazırda isə ictimai məkanda eşitdiyimiz məlumatlar bu işlərin bir qədər gecikəcəyini və fiziki işlərin başlanmasının 2027-ci ilə keçəcəyini göstərir”.

O əlavə edib ki, Azərbaycanın mövqeyi layihənin mümkün qədər tez icra olunmasından yanadır:

“Bu layihə nə qədər tez icra olunsa, bir o qədər yaxşıdır. Bunun həm Azərbaycan, həm Ermənistan, həm də daha geniş coğrafiyada yerləşən digər region ölkələri üçün çoxsaylı faydaları var”.

C.Bayramov deyib ki, Azərbaycan öz üzərinə düşən işləri, o cümlədən əsas ərazisində Ermənistan sərhədi istiqamətində dəmir və avtomobil yollarının tikintisini uğurla davam etdirir:

“2027-ci ilin əvvəlində artıq bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpası istiqamətində də işlər aparılır. Danışıqların nəticəsini gözləmədən Azərbaycan tərəfi orada da fiziki işləri həyata keçirir. Biz özümüz çox sürətlə irəliləyirik və bu da bir daha bizim belə önəmli regional layihələrə yanaşmamızı nümayiş etdirir”.