BAKI, 8 sentyabr. TELEQRAF
Azərbaycan müstəqil siyasət yürüdür, Mərkəzi Asiya ölkələri ilə inteqrasiya edir.
Teleqraf xəbər verir ki, bu barədə Yeni Avrasiya Observatoriyasının (ONE) həmtəsisçisi, Mərkəzi Asiya və Rusiyanın Asiya siyasəti üzrə eksperti Mişel Leviston "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" adlı beynəlxalq konfransda bildirib.
O, Azərbaycanın regiondakı həlledici rolunu diqqətə çatdırıb:
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərdə ixracı artırmaq üçün Aktau və Kurık limanlarını inkişaf etdirir. Özbəkistan isə Azərbaycanın ən fəal xarici tərəfdaşlarından biridir. Tərəflər 2024-cü ildə müttəfiqlik sazişi imzalayıblar. Avqust ayında isə ölkələr arasında əbədi dostluq sazişi bağlanıb. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji dəhlizi yaradırlar”.
M.Leviston Azərbaycanın xarici siyasət strategiyasının üç əsas məqama əsaslandığını qeyd edib:
“Birincisi, Azərbaycan 2020 və 2023-cü illərdə Qarabağda hərbi uğurlar qazanıb. Bununla da ölkə Rusiyanın təhlükəsizlik çətirindən asılı olmadığını sübut edib.
İkincisi, Azərbaycan çoxtərəfli diplomatiya, nəqliyyat və enerji sahələrində Avrasiyanın mərkəzi oyunçusuna çevrilib.
Üçüncüsü, ölkə tərəfdaşlarını şaxələndirir və neft-qazdan asılılığını azaldır. Azərbaycan COP29 kimi qlobal tədbirlərə ev sahibliyi edir. Bütün bunlar ölkənin öz sərhədlərindən kənara çıxan təsir imkanlarına malik "orta güc" statusunu gücləndirir”.