BAKI, 9 sentyabr. TELEQRAF
“Bakı İqlim Həftəsində əsas diqqətimizi COP31-ə, Antalyaya doğru dinamikanın qorunmasına, eyni zamanda regional və çoxtərəfli tərəfdaşlıqların gücləndirilməsinə yönəltmişik”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində bildirib.
Nazir qeyd edib ki, COP29 və COP31 sədrlikləri arasında əməkdaşlıq regional həmrəyliyin nümunəsidir:
“Bu ortaq məsuliyyət ruhunda Azərbaycanın növbəti COP-a ev sahibliyi etməyə hazırlaşan Türkiyəyə sarsılmaz qardaş dəstəyini bir daha təsdiqləmək istəyirəm.
Bu əməkdaşlıq ardıcıllığın, ambisiyalı iqlim maliyyəsi mexanizmlərinin və qlobal iqlim fəaliyyətinin davamlılığının təmin olunmasına xidmət edir.
Çoxtərəflilik planetimizin üzləşdiyi bu çağırışın öhdəsindən gəlmək üçün ən güclü vasitəmiz olaraq qalır. Bakı İqlim Həftəsi praktiki icraya həsr olunub”.