BAKI, 9 sentyabr. TELEQRAF
COP31 masa arxasında həssas coğrafiyaların səsi olacaq.
Teleqraf xəbər verir ki, bunu COP31-in icraçı direktoru Fatma Varank Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində deyib.
O bildirib ki, COP31-in missiyası aydındır, öhdəlikləri konkret nəticələrə, təşəbbüslərə və investisiyalara çevirməkdir.
"Dünyanın yeni hədəf siyahılarından daha çox, mövcud hədəfləri tarlada, sənayedə və şəhərlərdə əməli fəaliyyətə çevirəcək bir iradəyə ehtiyacı var. Bu səbəbdən COP31-i icra yönümlü "Gələcəyin COP-u" kimi xarakterizə etdik. COP31 Fəaliyyət Gündəliyinin 10 prioritet mövzusu var. 2035-ci ilə qədər son enerji istehlakında elektrik enerjisinin payının 35%-ə çatdırılması hədəflənir.
Həmçinin qlobal tullantı istehsalındakı proqnozlaşdırılan artımın yarıbayarı azaldılması, binalarda enerji intensivliyinin ən azı 25% azaldılması, istehsalatda təkrar emal olunmuş materialların payının ən azı 15%-ə çatdırılması hədəflənir. 2030-cu ilə qədər iqlim dəyişikliyinin təhsil proqramlarına inteqrasiya edilməsi və 2035-ci ilə qədər cəmiyyət miqyasında güclü iqlim maarifləndirilməsinin formalaşdırılması da əsas hədəflərdəndir", - o vurğulayıb.